2 Gündə Budapest

Xoş gəlmisiniz
September 3, 2017
Oh Bali, Bali
September 10, 2017

2 Gündə Budapest

Bir- birindən gözəl tarixi şəhərlərin olduğu, mədəniyyətlər diyarı sayılan Avropaya səyahət çoxumuzun arzusudur. Lakin ətrafımızda daim çox pulun xərclənməsi,

Bir- birindən gözəl tarixi şəhərlərin olduğu, mədəniyyətlər diyarı sayılan Avropaya səyahət çoxumuzun arzusudur. Lakin ətrafımızda daim çox pulun xərclənməsi, boş yerə vaxtın itirilməsi və.s kimi  səyahətin çətinlikləri barədə daim şikayətlənən insanların olması bizi ən çox həvəsdən salan başlıca səbəblərdəndir.Onların əksinə olaraq isə mən sizi cəsarətləndirəcək və səyahət boyunca sizə kömək edəcəyini düşündüyüm bir neçə təcrübəmi bölüşəcəyəm. Başlıca olaraq bilməyinizi istərəm ki, əslində Avropaya səyahət düşünüldüyü qədər də bahalı və çətin deyil. Bütün ehtiyacınız olan sadəcə, səyahət üçün toplanmiş bir az pul və bir az da cəsarətdi. Əgər olar da bi gün cəsarət etsəniz getmək istəyəcəyiniz şəhərlər içərisində Avropanın gözəl şəhərlərindən biri olan Budapest mütləq olmalıdı deyə düşünürəm. Bu məqalədə mən, bu şəhəri 2 gündə necə gəzdiyimiz və bu səyahət üçün nə qədər xərclədiyimiz və.s haqqındakı bir sıra məlumatları paylaşacağam. Təcrübələrimizi bölüşməzdən öncə Budapest haqqında bunları bilməlisiniz diyə düşünərək qısa ümumi məlumat vermək istəyirəm.

Demək, Budapest Dunay çayı ilə yariya bölünən, düzənlik hissəsi Pest, dağlıq hissəsi Buda olan 2 hissədən ibarətdir. Daha turistik hissə Pest, əhalisinin əksəriyətinin yaşadığı hissə isə Budadır. Ama bu heç də “Budada gəziləsi yer yoxdu ” demək deyil.

Viza xərcləri: Bildiyimiz kimi Macarıstan da Avropanın Shengen viza rejimli ölkələrindəndi. İstənilən müvafiq sənədləri toplamaqla  Bakıdakı Macarıstan Səfirliyinə edəcəyiniz müraciətlə 15 gün ərzində viza əldə edə bilərsiniz. Eyni zamanda qeyd etməliyəm ki, shengen vizasını asanlıqla ala biləcəyiniz Səfirliklərdən biri elə məhz Macarıstan Səfirliyidir.

Budapestə necə getdik: Biz keçən il Macarıstanın qonşu ölkələrindən biri olan Ruminiyada yaşadığımız üçün bu şəhərə getmək üçün ən ucuz eyni zamanda nisbətən surətli olan nəqliyyat vasitəsi olan avtobusdan istifadə etdik. Lakin sizlər üçün etdiyim araşdırmalara görə “Wizzair” hava yolları vasitəsilə 74€-ya Bakıdan Budapestə birbaşa 1 saata getməyiniz mümkündür. Airportdan şəhər mərkəzinə gedə biləcəyiniz ən ucuz vasitələrdən biri airportun shuttle adlanan servisidi. (4€)

Budapestdə harda qaldıq, şəhəriçi transport: Getdiyimiz digər ölkələrdə də olduğu kimi səhəriçi public transporta çox xərcləməmək, həm də yeriyərək daha çox yer kəşf etmək üçün otelimizi şəhər mərkəzinə yaxın bir yerdə tutduq. Booking.com`dan tapdığımız 1 gün üçün 35€ ödədiyimiz, çox yaxşı location`a malik olan otelimizin çox yaxınlarında metro stansiya da var idi. Buna görə də, bəzi vaxtları yeriyərək gəzməyi üstün tutduğumuz halda uzaq məsafələr üçün istifadə etdiyimiz nəqliyyat vasitəsi metro oldu. (Bir gedişlik bilet 350 HUF (2AZN) (metrodaxili transferler aid deyil), 24 saatlıq travelcard-1650HUF (9AZN) (limitsiz)) Kartsızda keçmək mümkündü ancaq tez-tez yoxlamalar olduğu üçün bu riski almağa dəyməz məncə.

Yanınızda getmək istədiyiniz yerlərin adının mütləq macarcası da olsun, çünki ingiliscə qarşılıqlarını tapmaqda çətinlik yaşıya bilərsiniz.

Milli valyutası Euro deyil, “HUF” (Hungarian Forint)dur. Şəhərdə çoxlu valyuta dəyişmə məntəqəsi ilə qarşılaşacaqsınız hansıki, burda pulunuzu “HUF”a asanlıqla dəyişə bilərsiniz. Təbii ki söhbət Euro və Dollardan gedir. Pullarında çoxlu sıfırların olması sizi alış-veriş zamanı çaşdıra bilər diqqətli olun!

Metro stansiyalardakı kart ala biləcəyiniz cihaz

 

 

Birinci gün (5 may saat 2016)

Pest hissəsində yerləşən otelimizi tapıb yerləşdikdən sonra otelimizdən götürdüyümüz turislik xəritə ilə şəhəri kəşfə çıxdıq. İlk getdiyimiz yer otelimizin yaxınlıqlarında yerləşən Müqəddəs Bazilikası oldu. Bu şəhərin ən gözəl tikililərindən biri sayılır. İçərisini gəzmək üçün 200 HUF (1AZN) ödəməli olacaqsınız. Qapalı olduğu üçün daxilini görə bilmədik ama yerli əhalidən öyrəndiyimizə görə ən uca təpəsindən çox gözəl şəhər mənzərəsini seyr edə bilərsiniz.

 

Müqəddəs Stefan (Szent Istvan) Bazilikası

Andrrasy prospekti ( Andrrasy Utca) Bu Budapestin asanlıqla alış-veriş və tarixi gəzinti edə biləcəyiniz ən məhşur prospektdir. Andrrasy “Qəhrəmanlar meydanı”na qədər davam edən uzun lüks mağazalarla və tarixi binalarla doludur. Yol boyunca qarşılaşacağınız ilk gözəl tikililərdən biri olan “Opera” binası olacaqdır. Vaxtınız və marağınız varsa bir opera dinləyin J

 

 Opera binası

Prospekt boyunca hərəkət etdikcə fərqli dizaynı ilə diqqətinizi “Terror ” muzeyi (Terror Haza) çəkəcəkdir. Tarixlə maraqlanan biriysəniz Budapestdə görməli olduğunuz müzeylər arasında ən başda yer almalıdır. Ən aşağı mərtəbəsində işgəncə otaqlarının yer aldığı 4 mərtəbəli muzeydə Sovet rejiminə və Nazilərə aid bir çox simvollar görəcəksiniz. Muzeydə gəzdiyiniz müddətcə sizi daim səs/musiqi axışı müşayət edəcək hansıki, bu insane psixoloji təsir göstərir. Addımlarınızı muzeyin qapılarından çölə atdığınız anda azadlığınızın qədrini daha yaxşı biləcəksiniz. İş vaxtları Çərşəmbə axşamı- Bazar saat 10:00-18:00 olan muzeyə giriş haqqı isə 2000HUF(11AZN)dir. (Tələbə bileti ilə 1000HUF(5AZN))

Terror muzeyi (Terror Haza)

Burdan sonra ac olduğumuz üçün nəsə yemək qərarına gəldik. Əgər fərqli dadları sınamağa cəsarət etmirsinizsə və ya yemək üçün çox pul xərcləmək istəmirsinizsə istənilən ölkədə gedə biləcəyiniz ən uyğun yer Mc.Donald’slardır. Burada yemək yedikdən sonra Dunay çayının Pest sahilini gəzmək qərarına gəldik.

Dunay çayının Pest sahili

Kossuth Lajos(Qırmızı xətt) stansiyasından çölə çıxdığımız anda bizi şəhərin ən gözəl tikilisi sayılan Parlament binası (Országház) öz möhtəşəmliyi ilə qarşıladı. Şəhərdə Parlament və Bazilika ən hündür tikili sayılır və bunlardan hündür bina tikmək qadağandır.

 

Parlament binası (Országház)

Gəzərkən Parlament binası yaxınlıqlarında sahildə dəmirdən ayaqqabılarla qarşılaşdıq. Bunlar II Dünya Müharibəsi illərində Dunay çayı sahilində ayaqqabılarını çıxarmış güllələnərək öldürülən Yəhudilərin xatirəsinə yaradılmışdır.

 

Sahildə irəliləyərkən növbəti dayanacağımız Buda və Pest hissələrini bir-birinə bağlıyan şəhərin körpülərindən biri- ən önəmlisi “Zəncirli körpü” (Lanchid) oldu. Buradan şəhəri izləyərkən Budapestin işıqlı möhtəşəm gecə mənzərəsinə vurulmamaq mümkün deyil. Eyni zamanda bu körpünün maraqlı bir hekayəsi də var. Deyilənə görə, memarı körpü tikildiyi zaman öz əsərinə o qədər güvənirmiş ki, əgər kimsə bir nöqsan belə tapsa özünü körpüdən atacağını demişdir. Heç kim bir səhv tapa bilmədiyi halda balaca bir uşağın “Körpü üstündəki aslanlarin dili yoxdu” deməsi ilə memarı körpüdən özünü ataraq intihar etmişdir. Əslində isə yaxşı baxsanız aslanların dilini görmək mümkündür 😉

🙂

 Zəncirli körpü (Lanchid)

Körpü bizim Budapestdəki ilk gün üçün sonuncu gəzdiyimiz yer oldu. Sonra otelimizə qayıdıb yaxsıca istirahət etdik.

  İkinci gün (6 May 2016)

Yeni günə çox ac olmadığımız üçün oteldə şəhər yeməyi yemək yerinə marketdən aldığımız bir iki şeyi atışdırmaqla başladıq. İlk olaraq Pest qismində gəzə bilmədiyimiz yerlərdən olan “Qəhrəmanlar meydanı”na (Hösök Tere) gedə bilmək üçün metronun “Millenium Underground” adlanan sarı xəttdindən istifadə etdik. ( Bu həm də Avropanın ən qədim ikinci yeraltı nəqliyyatıymış) Ətrafından çoxlu muzeylər ortasından heykəllər olan meydan həm də Milenyum Meydanı kimi də bilinir.

 

Qəhrəmanlar meydanı (Hösök Tere)

Meydanın arxasında şəhər parkı (Varosliget) yerləşir. Böyüklüyü, gölləri, yaşıllığı və bütün gözəlliyi ilə dincəlmək istəyəcəyiniz ən uyğun yer ola bilər. Mən çooox bəyənmişdim və düşünürəm ki, böyük şəhərlərin bu cür parklara ehtiyacı var.

Şəhər parkı (Varosliget)

Burada keçirdiyimiz 2 saata yaxın müddətdə sonra daha da gec qalmamaq üçün yenə də metrodan istifadə edərək şəhərin Buda tərəfinə keçdik. Qarşılaşa biləcəyimiz çox tikili olduğunu düşündüyümüz üçün nəqliyyat vasitəsindən istifadə etmədən metro stansiyasından gəzərək Buda Qalasına (Varhegy) getdik. Qalaya qalxmaq üçün əsasən 2 vasitə var: funikulyor və ya yerimək. Biz funikulyorla (1100HUF(6AZN)) qalxıb, gəzərək enməyi seçdik.

 

Funikulyordan Zəncirli Körpü və Pest məzərisi

Yan-yana möhtəşəm sarayların olduğu Qala Dunay mənzərisi ilə daha heyranedici görünürdü. Biz Kraliyət sarayını (Kiraly Palota), Mattias kilsəsini (Matyas Templom), Balıqçı Qalasını ( Halaszbastya) ziyarət etdik. Eyni zamanda burda bir il boyunca bağlı olduğu üçün görə bilmədiyimiz Buda Qalası Labirentləri (Labirintus) də yerləşir. Bu vaxtilə Macar Kralı Mattias tərəfindən  Drakulanın da əsir saxlanıldığı labirentdi.

Kraliyət Sarayının önü ( Kiraly Palota )

Kraliyət Sarayı ( Kiraly Palota )

Mattias Kilsəsi (Matyas Templom)

 

Balıqçı qalası ( Halaszbastya)

Burada yan-yana düzülmüş yemək stendlərindən yemək alaraq mənzərəyə qarşı yeməyi qərara aldıq. Bu zaman Macarların məhşur lanqoşunun dadına baxdıq. ( Getdiyimiz ölkələrdə ən az bir dəfə ölkənin milli yeməklərindəm birinin dadına baxıram)

Lanqoş

Budapestə  qədər gəlibdə bu gözəl şəhəri xatırladacaq simvolik hədiyyə almadan qayıtmaq olmaz deyə düşündük və metrodan istifadə edərək şəhərin ən məhşur qapalı bazarına (Központi Vasarcsarnok) getdik (Yaşıl xətt- Fövám tér stansiyasi). Bura sadəcə turistlər üçün deyil eyni zamanda yerli əhalinin də meyvə tərəvəz alış-veriş edə biləcəyi yer olaraq nəzərdə tutulub. Qiymətlər şəhərə görə daha ucuzdur.

Qapalı bazar (Központi Vasarcsarnok)

Və son olaraq axşam yeməyini yaxşı bir restoranda yemək istədiyimiz üçün otelimizin yaxınlarındakı Grill & Chips restoranı seçdik. Çox lüks demək mümkün olmasa da yaxşı məkan idi və yediyim 1200 HUFluq (7AZN) yemək üçün 700HUF (4AZN) servis pulu buraxdığımız unudulmaz xatirələrimizdən birini yaşadığımız gözəl axşam idi. ( Siz siz olun sıfırlara aldanmayın  J)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *