2 Gündə Budapest
September 10, 2017
Qatar Airways növbəti endirim kampaniyasına başlayıb
September 10, 2017

Oh Bali, Bali

Oh  Bali, Bali

Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Balidir.

Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Balidir. Cənub-Şərqi Asyanın incisi də (və ya dünyadakı cənnəti) adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsədə insanlarının isti-qanlı münasibət ilə sizə əvəzsiz bir səyahət yaşada bilər.  Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bu ada. Nəisə ki, macərdolu ruhumuzu da qoyduq çəmədana düzəldik Bali yoluna.

 

Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl təşkil olunmuşdu.

Balinin rəsmi adı ilə Ngurah Rai adlanan Denpasar aereoprtu adadakı yeganə hava limanıdır. Nəhəngliyi və aramsız uçuşları ilə hub-lardan heç də geri qalmır.

Qapıda yüzlərlə taksi sürücüsü sizi qarşılacayaq, hamısı da standart qiymət olaraq 150.000 rupiah (IDR) istəyəcək Kutaya (otelimiz də bu ərazidə yerləşirdi) aparmaq üçün. Bu məbləğ isə təxmini 20 AZN edir. Ümumiyyətlə, nəqliyyat vasitəsi kimi  İndoneziyada ən çox motosikletdən istifadə olunur. Gündəlik 5 dollara icarəyə götürə biləcəyiniz motosikletlər hər tində qarşınıza çıxacaq. Başqa bir alternativ isə UBER-in təklif etdiyi xidmətlərdən yararlanmaqdır. Yerli taksistlərin dediyi qiymətlə təqribən 2.5 – 3 dəfəyə yaxın fərq edir. Düşünün, geri dönüşdə UBER bizi sadəcə 4 AZN -ə oteldən hava limanına çatdırdı. Yəqin buna görədir ki, şəhərdə bir çox yerdə “No to UBER” yazıları görmək olurdu 🙂

Adanı gəzmək istəyirsinizsə başqa bir alternativ yerli turlardır. Lakin bizim ölkədə olduğu kimi tur rəhbərləri turist görən kimi qiymət oxumağa başlayırlar. Təbii ki, siz də azərbaycanlı tərəfinizə salıb rahat qiymət öldürə bilərsiniz. Məsələn, 1 gün üçün bir nəfərə 65$ nəzərdə tutlan turu 2 gün üçün 150$ endirə bilmişdik 🙂

Bəs Baliyə gedərkən harada qalmaq lazımdır? Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən – Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur.

Əgər sakit, ucuz, ətrafınız mədəniyyətlə çevrilmiş bir tətil istəyirsinizsə seçməli olduğunz yer Ubuddur. Kokonatınız əlinizdə hər tərəfi mədəniyyət, mistika qoxan möhtəşəm Ubuddan zövq alacaqsınız. Bura eyni zamanda yoqa sevərlərin mərkəzi də hesab olunur. Öncədən kiçik araşdırma etməklə qısa və uzunmüddətli yoqa dərslərinə yazıla bilərsiniz.

Surf, isti çimərlik, əyləncə bu 3 şeyi isə Kuta birləşdirir. Əsas küçə Legiandır. Kuta da ən maraqlı fəaliyyət kimi deyə bilrəm ki 10 dollara 2 saatlıq surf taxtasını götürüb özünüzü dalğalara buraxmaqdır. 🙂 Çox əyləncəli və zövqlüdür. Sahil boyu bir-biri ilə sağlam rəqabətdə otellər düzlənib. Biz Citadines Kuta Beach otelini seçmişdik. Əminliklə, deyə bilərik ki, xidmət səviyyəsi, yeməkləri, otaqları yüksək səviyyədə idi. Otelin ən üst mərtəbəsində hovuz və gün batımını izləyə biləcəyiniz bir restoran. Səhər yeməyi üçün okena baxan digər bir restoran.

Legian küçəsi ilə qalxaraq gecə klublarının qaynadığı Seminyaka gəlib çıxırsız. hətta mini Rusiya da deyə bilərik. Hər tərəfdə ruslar, bütün klublarda ruslar)).

Klublar içində ən uyğun təklifi isə Kutada yerləşən “ Sky Garden” verir. Belə ki gün ərzində 2 sessiyalı təkliflər verirlər. 1-ci sessiya saat 5-dən 9-dəkdir. Bu zaman siz 10 dollar ödəyərək bu saat aralığında bütün yeməklərdən limitsiz istifadə edə bilərsiniz. 2-ci sessiya isə saat 9-dan 11-dəkdir. Bu zaman isə siz bütün içkilərdən (alkoqollu və alkoqolsuz) və yeməklərdən yararlana bilərsinz.

Burda olduğumuz müddətdə ən çox diqqətimi çəkən və sevdiyim detal bu təşəkkür qabları idi. Demək olar ki, onlara hər yerdə rast gəlmək olur, evlərin, dükanların qarşısında, məbədlərdə, otellərdə. Hər gün bir qayda olaraq, səhər duran kimi öz minnətdarlıqlarını bildirmək üçün bu qaba (yarpaqlardan düzəldilir) gül, öz bisirdikləri bir şey, su və.s qoyurlar.

Baliylə bağlı digər bir maraqlı fakt isə şəxsi evlərdə dua etmək üçün tikilmiş məbədlər idi. Demək olar ki, hər evdə rastlanan məbədlərin ehtişamı ev sahibinin maddi durumundan xəbər verirdi. Asan dillə desək, sanki hamı öz həyətində “məscid” tikir.

 

Qidalanma xərcləri

1 AZN təqribən 7780 Rupiaha (İDR) bərabərdir. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır. Yeməkləri çox ləzzətlidir. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir. Əgər yerli yeməkləri bəyənməsəniz, hər addımbaşı McDonalds, PizzaHut, KFC, Hard Rock cafe, Starbucks, Gloria Jeans kimi həmişə alışdığınız fast food və qəhvəxana brendləri dadınıza çatacaq.

Ekzotik meyvələri də unutmaq olmaz. Bazarlarda satılan rəngarəng meyvələrin hər biri qeyri-adi dada malikdir. Məsələn, bananlar bizim öyrəşdiyimiz bananlardan fərqli olaraq çox kiçik ölçülü və daha şirin idilər. Ən dadlıları isə “Passion fruit”, “Dragon fruit” adlanan meyvələr idi.

   

Bəs Balidə əsas haraları görməsək Balidə olduq deməyək? 

Ada boyu qarşınıza çıxacaq bir çox düyü plantasiyalarının reklamları çıxacaq. Əgər hər hansı bir tur götürsəniz mütləq ki orada 2 fərqli plantasiya olacaq. Məsləhətimiz birini görmək kifayətdir J . Bundan başqa Balinin simvolu halına gələn Luwak kofenin hazırlanma yerlərinə getməkdə də fayda var. O ləzzətli kofedən içməmiş ayrılmayın. Kofe  Luwak adlı heyvanın adı ilə bağlıdır və kofenin bir başa istehsalçısıdır J. Limon kofesini də unutmayın )

 

Həmçinin ada məbədləri ilə məşhurdur. Mistik tarix və ərazinin özünə məxsus memarlıq formalarının yaratdığı möhtəşəm mədəniyyət nümunələrini görmək lazımdır.

Adanın ən məşhur hindu məbədi Tanah Lot okeanda tikilib və turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Daha çox möhtəşəm günbatımını izləmək üçün axşamüstü gedilən bir yerdir. Açılan mənzərə fotoqraflar üçün əvəzsiz kadrlara çevrilə bilər.

Image result for tanah lot

Tegenungan şəlaləsində isə turistlərin çoxu üzməyə gəlir. Biz sadəcə ətrafında uşaq kimi hoppanıb düşməyə və şəkil çəkdirməyə imkan tapdıq 😀

Fil mağarası və ya Goa Gajah adlanan və 7-ci əsrdə tikilmiş buddistlər üçün ziyarətgahı UNESCO-nun “Dünya İrsi” siyahısına daxil olan məkanlardandır. Girişdə ziyarətgahın bir qaydası olaraq hər kəsə sari verirdilər geymək üçün 🙂

Onu da qeyd edək ki, bu ada insanların yaddaşında daha çox “Ye, dua et və sev” (“Eat, Pray and Love”) kitabı və baş rolunu Julia Roertsin ifa etdiyi eyniadlı filmlə qalmışdı.

Bir həftəlik səyahətimizə bütün maraqlı məkanları gəzməyi sığışdırmağa çalışsaq da, əminik ki, kəşf olunası daha çox şey var. Bütün mistikası, geniş sahilləri, okean, möhtəşəm günbatımları, sevimli insanları ilə bu ada həqiqətən də cənnətdən bir parça kimidir.

Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən J Biz hələ ki, geriyə səsləyən səsi batırmağa çalışırıq, çünki seçib, gedib, kəşf olunası o qədər məkan var ki.

Hər kəs üçün macəradolu səyahətlər diləyilə!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *